İşarə haqqında
Semiotics Comes First
Bölmələr:
İşarə Niyə Əhəmiyyətlidir?
İşarə və Tarixdəki Yanaşmalar
İşarə [tam olaraq] Nədir?
Problemlər və Cavablar
İşarə Niyə Əhəmiyyətlidir?
(niyə də əhəmiyyətli olmasın?!)
İşarənin nə olduğunu bilmədən onun əhəmiyyətli olub-olmaması haqqında dəqiq hökm vermək olmaz, təbii ki. Bu da 3-cü bölmənin əsas mövzusudur. Lakin dəqiq olmasa belə nə olduğundan az-çox xəbəriniz var, güman edirəm.
İşarələri tədqiq edən sahənin semiotika (və ya digər adı ilə semiologiya) olduğunu vurğulamaqda fayda var. Semiotikanın tarixi barəsində 2-ci bölmədə uzun-uzadı danışacağıq.
Fikirlərimiz işarələrdir. Zehinimiz işarələmə maşınıdır. Niyə fikirlərimiz işarədir? Niyə zehinimiz işarələmə maşınıdır? (zehinin tamamilə işarələmə maşını olmadığını deyə biləcək subyektiv təcrübə üzərində ixtilaflar - zehinin “çətin problemi” olsa da, zehinin “asan problemi” səviyyəsincə qəbul ediləndir) Hər bir fikirin məzmunu olur və fikiri identikləşdirən şey məhz məzmunun olmağıdır. Məzmun fikir vasitəçisinin (neyron, monad, idea artıq nə adlandırısınızsa. Fizikalizm və qeyrilərinin məsələsinə toxunmayacam, hələki) özü ilə əlaqədar deyil, kənar bir şeylə əlaqədardır. Misal olaraq, aşiq olduğunuz şəxs haqqında düşünmək. Bu zaman sizin zehininizdə aşiq olduğunuz şəxsə dair müəyyən fikirlər olur. Fikir və fikirin məzmunu arasında fərqi buradan görə bilərsiz. Aşiq olduğunuz şəxsi fikirləşərkən həmin şəxs zehinizə teleportasiya olmur. Hər hansı fikirin məzmunu aşiq olduğunuz şəxs olmuş olur. Bir şey və həmin şeylə tay tutulan bir məzmunun olması həmin şeyin işarə olduğu mənasına gəlir. Yəni zehininizdəki fikir vasitəçisi aşiq olduğunuz şəxsi işarələyir və bu da digər fikirlərə təsir edərək sizi dəliyə çevirir. Paralel nümunə: Ayı göstərən işarə barmağı. İşarə barmağı tutan əl fikir vasitəçisi kimidir. Hər ikisi elə işarə vasitəçisidir. Ay isə aşiq olduğunuz şəxslə analojik uyğunluq təşkil edir. Əl [müəyyən fokuslanılmış kontekst çərçivəsində] adicə heç nəyi işarələmir, işarələmə vasitəçisi olma potensialını daşıyır. Nə vaxt ki, işarə barmağı Aya doğru yönələrək onu işarələyir, o zaman işarə olmuş olur. Əl-İşarə barmağı-Ay və ya Əl→Ay işarələmədir. Fikir vasitəçisi(elmi olaraq, neyron)-Əlaqə-Aşiq olunan şəxs və ya Aşiq Olma Daxilindəki Fikir→Aşiq Olunan Şəxs.
Şüurlu olduğumuz hər an nəyisə düşünürük. Hətta yarı-şüurlu olarkən — yuxu görərkən belə nəsə düşünmüş oluruq. Düşünmə prosesi zehinimizi zehin edən əsas prosesdir. Düşünmək fikirlərdən ibarət bir prosesdir. Fikirlərin işarələr olduğu və zehini identikləşdirən şeyin düşünmək olduğu barəsində razılaşdıq. Deməli zehin işarələmə edir, işarələmə maşınıdır. Geniş işarələmə prosesinə semiosis deyilir. Buradan da demək olar ki, zehin mürəkkəb semiosis maşınıdır. Semiosisin əhatə dairəsi, yəni semiosferin sahəsinə dair müxtəlif yanaşmalar ola bilər. Mənim aktual yanaşmam ondan ibarətdir ki, kainat ilə semiosfer bərabərdir. Buna qarşı olaraq semiosferin zehin ilə əlaqəli olan şeylərdən ibarət əhatə dairəsində olduğunu qeyd edən genişyayılmış yanaşma var. Bu üzrə 4-cü bölmədə danışacağıq.
Zehinin əhəmiyyətli olduğu çoxluqca qəbul olunmuş məsələdir. Çünki hər şey haqqında məlumatı o “bizə təqdim edir”. Zehinin də işarə maşını olduğunu qəbul etsək, işarələrin də əhəmiyyətli olduğu nəticəsinə rahatlıqla vara bilərik.
İşarələrə nümunələr:
hərflər, heroqliflər, riyazi və məntiq sahələrindən bilinən işarələr, musiqi notaları, yol nişanları, durğu işarələri, ədəbi işarələr, hecalar, tələffüz işarələri, kök və şəkilçilər, kök və şəkilçi işarələri, sözlər, söz birləşmələri, cümlələr, paraqraflar, abzaslar, mötərizə araları, qapının döyülməsi, sinifdə əlin qaldırılması, fit, nəqiliyyat siqnalı, göz süzmə, partnerin nazı, proqramlaşdırma kodları, kodlar, siqnallar, dini motivlər, sloqanlar, pre-seks, bədii ifadə, dərin adlandırılan alt-mənalara sahib yazı və ifadələr, dövlət attributları, loqolar, musiqi, musiqi janrı, hisslər, təsəvvürlər, sezintilər, təəssüratlar, anlayışlar, məfhumlar (konseptlər), çətir konseptlər, çoxluqlar, sifətlər, şəkli yazı, əşyəvi yazı, hərfi yazı, hecavi yazı, fikri yazı, əlifbalar, mesajlar, düsturlar, say sistemi əsaslı ötürülən siqnal və mesajlar, jestlər, mimikalar, film kadr dizaynı, rəsm əsəri, xalça motivləri, soyuducu təmir kitabçası şəkil və qrafikləri, edit kadrları, posterlər, müəllif simvolizmi, işıqfor, səs tipləri, intonnasiya, vurğulama, nota, göstəriş, deskript, font, kontekstual olaraq rəng-rəqəm istifadəsi, görüşmə və dialoq hərəkətləri, rituallar, nitq etiketləri, adlar, simptomlar, indekslər, ikonlar, ədədlər və rəqəmlər, emojilər, stikerlər, giflər, memlər, trollar, media, brendlər, populyar kultura meyilləri, sub-kultura kodları, yalanlar, incəsənət, sosial kontraktlar, tonlar, niyyətlər, doktrinlər, postulatlar, ideyalar, fikirlər, təmsillər, dastanlar, morfemlər, leksik vahidlər, frazeologizmlər, idiomlar, arxaizmlər, neologizmlər, akronimlər və abreviaturalar, transkripsiya və transliterasiya sistemləri, yazı üslubları, dialekt və şivə xüsusiyyətləri, semantik sahələr və assosiativ şəbəkələr, protokollar, bank hesabları, iqtisadi elementlər, genetik kod, avatarlar, video oyun nailiyyətləri, alqoritmlər, məkan və mövqe göstəriciləri, bildirişlər, kriteriyalar, kaprizlər, doqmalar, kateqoriyalar, etik dəyərlər, milli-mənəvi dəyərlər, canlıların davranış reaksiyaları, hormonal reaksiyalar, biosemiotik proseslər, qayanı döyəcləyərkən onun səs çıxarmasına səbəb olan daxili quruluşu, fiziki proseslər və s. (bir sözlə, hər şey)
İşarələrin nə qədər fundamental və əhəmiyyətli olduğunu bunlardan görə bilərik. İşarələr bizim reallıq təsəvvürümüzdən, dəyərlər sistemimizə kimi hər şeyə köklü təsir edir. Görünən odur ki, bütün bunlar onların əhəmiyyətini yetərincə vurğulayır.
İşarə və Tarixdəki Yanaşmalar
(Stoiklər'dən Danesi'ə)
“İşarə” konseptinin tarixini tədqiq edərkən semiotikanı görməməzlikdən gəlmək, demək olar ki, mümkün deyil. Amma xırdaca qədim dövrlərdən də danışmaq gərəkdir.
Qədim dövrlərdə işarələr daha çox dini və mifik kontekstdə əhəmiyyətli idi. Tanrılardan və ya ululardan gələn işarələr əsas idi. Konsepsiya kimi formalaşmamışdı. Qədim Misir, Qədim Hindistan və Qədim Şumerə kimi uzadıla bilənəcək, özünü Qədim Yunan Fəlsəfəsində az da olsa büruzə edən konseptiv yanaşmaların mövcud olduğunu demək mümkündür. Qədim Hind Fəlsəfəsində Nyaya kimi məktəblərdə sistematik və analitik deyə biləcəyimiz çalarlar olsa da daha mistik və dini səviyyədir. Daha qabarıq formada ilkin olaraq stoiklərdə əlaqədar yanaşmaları görürük.
Stoiklərdə lekton (λεκτόν) konsepti çərçivəsində bu izah edilmişdir. İşarə edici (Sēmainon), İşarə edilən (Sēmainomenon) və Məna (Lekton, ifadə edilə bilinən mənasını daşıyır). Nümunə: “Socrates” sözü işarə edici, onun işarə etdiyi şəxs işarə edilən və onun haqqında ifadə olunan şey isə lektondur.
“Semiotika” sözünün etimolojik mənşəyi Qədim Yunanıstana kimi uzanır (təəccübləndik?!). Sözün kökü işarə mənasını daşıyan “sēmeîon” sözündən gəlir və yunancada “σημειωτικός” (“sēmeiōtikós”) kimi ifadə olunur.
1670-ci illərdə bu termin ilk dəfə Henry Stubbe(s) (1632-1676) tərəfindən tibbi bir bölmə adı olaraq istifadə olunub. Geniş miqyasda olmasa da simptom və işarələr üzərindən diaqnoz qoymaq sahəsi kimi tanınıb. Simptomatologiyaya yaxın bir kontekstdə rol tutub, lakin ondan praktikada fərqlənib. Stubbes'un qədim tibbdən, həmçinin Hippocrates'dən də təsirləndiyini nəzərə alsaq, tibbi praktikada mənşəyi Hippocartes'ə kimi uzadıla bilər.
1690-cı illərdə John Locke (1632-1704) bu termini “Semeiotike” kimi istifadə etmiş, Physica və Praktike'dən sonra elmin 3-cü qolu hesab etmiş və “işarələrin doktrini” kimi mənalandırmışdır. Əlavə olaraq, John Locke'un tibb təhsili, savadı və praktikasının olması bu terminlə necə tanış ola bildiyinə dair kiçik bir ipucu da verir. 1690-cı ildə çap olunan “An Essay Concerning Human Understanding” kitabında bu konsepti inkişaf etdirmişdir. Semeiotike ilə Məntiqi eynimənalı hesab etmişdir. Locke'un semeiotike ideyaları bu gün semiotika dedikdə ağıla gələn iki şəxsdən biri olan Peirce'in semeiotik fikirlərinə ilkin səviyyədə bənzəməkdədir. (Semiotika sözünün tarixdəki formaları, saitlər və ya ümumi olaraq fonemlərlə fərqlənən formaları filosofların semiotik yanaşmalarını adlandırmaq üçün önəmli yer tutur. Ümumi “semiotika” desək belə, misal olaraq, Peirce'dən danışarkən bu “semeiotika” olur. Bu cür xırdaçılığa nə ehtiyac var idi, bilmirəm. Lakin sözlərin dialektikasının möqveyini vurğulamaq üçün maraqlı nümunələrdəndir)

18-ci əsrdə Johann Heinrich Lambert (1728-1777) “Neues Organon” (Yeni Orqanon, qeyd: Francis Bacon'un “Novum Organum” ilə qarışdırılmasın) başlıqlı kitab dərc etdi. Bu kitabın böyük bir hissəsi “işarələr doktrini” və “simvolizasiya nəzəriyyəsi” üzərində qurulmuşdur. Lambert bu kitabda elmi işarələr və digər işarələrin klasifikasiyasını inkişaf etdirmişdir. Həmçinin onun bu kitabı “fenomenologiya” sözünün ilk istifadə edildiyi kitab hesab olunur, hansı ki, kitabda bu başlıqda böyük bir bölmə var. O semiotikanı subyektiv reallıq və obyektiv reallıq arasında olan boşluq üzərində körpü rolunu oyayan alət kimi təsvir edirdi.
19-cu əsrdə Vinzenz Kletzinsky (1826-1882) paralel bir semiotika yaradır. Biosemiotika. Birbaşa əlçatan mənbə tapa bilməsəm də Kalevi Kull'un “The term ‘Biosemiotik’ in the 19th century” (2022) məqaləsinə əsasən, Kiletzinsky 1855-ci il və sonrakı illərdəki yazılarında (ehtimal ki, “Vierteljahrschrift Für die Praktische Heilkunde” (Praktiki Tibb üçün Rüblük Jurnal) jurnalında) “biosemiotik” sözünü ilk dəfə işlətmişdir. Lakin bu konsept 1960-cı illərə kimi təsir doğuracaq qədər nəzərə çarpmır. O vaxta kimi Jakob von Uexküll'ün tədqiqat və yanaşmaları biosemiotika konsepsiyasını inkişaf etdirəcək fundamenti qoymuşdur. Friedrich Rothschild'in təşəbbüslər nəticəsində biosemiotika adı 1960-cı illərdə bir tədqiqat sahəsinin adına çevrilir.
19-cu əsrin ortalarında artıq semiotikanın doğum sancıları sezilirdi. Bu sancıları yaradan iki “əkiz” semiotik idi: Charles Sanders Peirce və Ferdinand de Saussure. Peirce semeiotika kimi fəlsəfi kontekstdə, Saussure isə semiologiya kimi linqivistik kontekstdə işlər gördü. Onlar eyni dövrdə yaşayıblar, 19-cu əsrin sonuncu yarısı və 20-ci əsrin əvvəllərində.
İlk öncə Saussure'dən (1857–1913) başlayaq. O işarənin (signe) diadik (ikili) modelini inkişaf etdirmişdir, onu iki hissəyə ayırmışdır: İşarələyən (Signifié) və İşarələnən (Signifiant). İşarələyənə “arbor” və “ağac”, işarələnənə isə ağac obyektini nümunə çəkmək olar. İşarələyəni həm simvol adlandırır. O, konsept və səs izi olaraq da ikiyəayırma edir. Bu yerdə səsli ifadənin bir konsepti və ya düşüncəni işarələməsi vurğulanır. İşarələyən ilə işarələnən arasında zəruri əlaqənin olmadığını, ixtiyari (arbitraire) olduğunu prinsip olaraq qeyd etmiş və simvol (işarələyən) seçimini onomatopoeia (səslərin təqlidi ilə əmələ gələn sözlər və bu sözlərin inkişafı) ilə izah etmişdir. “Qeyd etmiş” demişkən, o fikirlərini kitab halında yazmayıb. 1907 və 1911-ci illər arasında Geneva Universitetində mühazirələri zamanı tələbələri qeydlər etmiş və sonralar bu qeydləri nizamlayaraq kitab halına salmışlar. Həmin tələbələr Charles Bally və Albert Sechehaye idi. Kitab Saussure'ün ölümündən (1913) üç il sonra, 1916-cı ildə “Cours de Linguistique Générale” başlığı ilə çap olunmuşdur. Saussure düşünürdü ki, bütün semiotika dil üzərindən əsaslandırılmalıdır. Buna əsas olaraq dilin kompeks və universal olduğunu göstərir. İşarələrin natural və linqvistik olaraq ikiyə ayrıldığı ətraflı və konkret olaraq onun tərəfindən vurğulanmasa da, belə bir yanaşmasının olduğu pantomimanı örnək çəkməsindən sezilir. Bu yanaşmaları semiologiya adında birləşir.
Peirce (1839–1914) işarənin triadik (üçlü) modelini inkişaf etdirmişdir: Nişanə (Representamen), Obyekt (Object) və Şərhçi (Interpretant). Duman Nümunəsi: Göydəki duman (Nişanə), görünməsə də mövcud olan alov (Obyekt), yanğının olmağı və adekvat tədbir görülməli olduğu (Şərhçi). Nişanə işarələmə prosesinin ilk hissədir və təqdim olunan tərəfi izah edir. İşarəni 3 növə ayırmışdır: İkon (Icon), İndeks (Index) və Simvol (Symbol). İkon, obyekt ilə bənzərlik təşkil edəndir. İndeks daha çox səbəb-nəticə əlaqəsi göstərəndir. Simvol isə dolaylı yolla məna ötürəndir. Nümunələr: İkon - bir binanın maketi, nəyinsə rəsmi, İndeks - nəbz, külək səsi, Simvol - yol nişanları, futboldakı qırmızı və sarı kart. Obyekti iki yerə ayırmışdır: Bilavasitə və Dinamik obyektlər. Bilavasitə obyekt işarənin təqdim olunmuş halı, Dinamik obyekt isə onun real dünyadakı əslidir. Sıralı şəkildə nümunə: xəritədəki şəhər, həqiqi şəhər. Şərhiçini isə üç yerə: Bilavasitə, Dinamik və Final şərhçilər. Bilavasitə şərhçi potensial mənadır, yəni işarəni görən şəxsin ağılına gələ bilən ilkin məna, Dinamik şərhçi şəxsin düşüncəsi və ya hərəkətindəki yekun nəticə, Final şərhçi ideal və geniş razılaşılmış mənadır. Sıralı şəkildə nümunə: qırmızı işığı görəndə gələn “durmaq” fikri, qırmızı işığı görəndə durmaq, qırımızı işığın yol qaydalarında durmaq mənasına gəlməsi. İşarələri ümumilikdə 10 sinifə ayırıb:
Reme (Rheme), Disent (Dicent) və Delomyə (Delome) uyğun olaraq: 1. propozisional məna kəsb etməyən, pre-propozisional olan (qırmızı rəngi, çilçıraq və maşın kimi); 2. propozisional, doğru və ya yanlış ola biləcək bir bildirişə sahib olan (“bu çilçıraq qırmızıdır” və “maşın qırmızıdır” kimi halda olmaq); 3. [məntiqi olaraq] əsaslandırılmış işarədən ibarət olan, arqumentativ olan (“1. Qadınlar qırmızı maşın sürür. 2. Qadınlar insandır. ∴ İnsanlar qırmızı maşın sürür.” kimi halda olmaq).
Qualisiqn (Qualisign), Sinsiqn (Sinsign) və Leqisiqnlər (Legisign) işarə-daşıyıcılarıdır və uyğun olaraq: 1. keyfiyyətlə əlaqadardır, fiziki bir cisimlə əlaqələnmir (qırmızı rəngin təhlükə mənasına gələ bilməsi kimi); 2. təkil bir vəziyyətlə, konkret bir obyekt və an ilə əlaqədardır (evdəki çilçırağın ani olaraq qırmızı rəngdə yanması); 3. ümumi vəziyyətlə, qayda ilə əlaqədardır (qırmızı işığın maşınlar üçün durmaq mənasına gəldiyi kimi).
Disent-İndeksiallar Disisiqn (Dicisign) adlanır. İkonlar pre-propozisionaldır, yəni yanlız reme olurlar. İndekslər isə mürəkkəb qanuna uyğunluq yaratmır deyə delom olmurlar. İşarənin üç növünün sifət halı: İkonikal, İndeksial və Simvolik
Reme-İkonikal-Qualisiqn bir obyektə aid olmayan, fundamental hisslərlə əlaqədar işarələrdir. Qırmızı hissi, qorxu hissi və sair hisslər. Reme-İkonikal-Sinsiqn bir şeyin digər şeyə bənzədiyi işarədir. Diaqramlar, graflar, cədvəllər buna nümunə ola bilər. Reme-İndeksial-Sinsiqn diqqətinizi bir yerə, bir şeyə çəkib, lakin onun haqqında məlumat verməyən işarədir, kiminsə qəfildən ağlaması buna nümunə ola bilər. Disent-İndeksial-Sinsiqn (Disisiqn Sinsiqn) obyekti haqqında bilik verən birbaşa sübutlu işarədir, spidometrin ani göstərişi buna nümunə hesab edilə bilər. Reme-İkonikal-Leqisiqn ümumi qayda çərçivəsində olan, tipik olandır, çertyoj qrafikləri və ya diaqram tipləri buna nümunə ola bilər. Reme-İndeksial-Leqisiqn ümumi bir qayda çərçivəsində işlədilən, lakin kontekstə görə obyekti dəyişəndir, şəxs əvəzlikləri buna nümunə ola bilər (“sən” və “o” quruluşca eyni qaydada istifadə olunsa da kontekstə görə obyektləri dəyişir). Disent-İndeksial-Leqisiqn (Disisiqn Leqisiqn) ümumi bir qaydaya dair bilik verən, fiziki reallığı olan işarələrdir. Yol nişanəsinin yol haqqında göstəriş verməsi, termometrdəki rəqəmin havanın dərəcəsini göstərməsi, bir şəxsin “paxotka”sının onun şəxsiyyəti ilə əlaqədar müəyyən məlumat verməsi kimi. Reme-Simvolik-Leqisiqn konseptual bir məna daşıyan, lakin doğru-yanlış, propozisional dəyəri olmayan işarələr, məfhum (konsept) və təsəvvürlərdir. Üst-səviyyəli qualisiqn deyə bilərik (Peirce belə yazmasa da). Nümunə olaraq, “ağac”, “ədalət” və “maşın”. Disent-Simvolik-Leqisiqn bir neçə anlayışı birləşdirən, doğruluğa və yanlışlığa sahib ola biləcək işarələr, propozisiyalardır. “Maşın ağacın yanındadır” buna nümunə ola bilər. Delom-Simvolik-Leqisiqn isə arqumentativ işarələr, arqumentlərdir. Sillogizmlər və əsaslandırmalar buna nümunə ola bilər: “1. Qadınlar qırmızı maşın sürür. 2. Qadınlar insandır. ∴ İnsanlar qırmızı maşın sürür.”
Peirce bütün işarələmə prosesini Semiosis adlandırdı. Ona görə semiosis sonsuz və dinamikdir. İşarələr bir-biriylə zincirləmə sonsuz bir əlaqəyə sahibdirlər və bu əlaqələrin forması zamanla dəyişməkdədir. Qırmızı işığı görən adam dayanır, dayanarkən gözünə nəsə sataşır, həmin şeyin gözəl bir qəhvəxana olduğunu görür, ora gedir, boş masa görür, əli ilə ofisiantı çağırır və bu cür sonsuz, şaxələnən işarələmə prosesi baş verir.
Peirce'in çap olunmamış əsərlərini sonralar bəzi tələbələr yığıb, kateqoriyalı şəkildə “Collected Papers of Charles Sanders Peirce” başlığı ilə 1930-cu illərdə çap etmişlər. Paul Weiss və Charles Hartshorne həmin yazı yığınını kataloqlaşdıranlar kimi tanınır. Carolyn Eisele isə həmin çap olunmamış “itkin baza”nı kəşf edən şəxs kimi tanınır.
1938-ci ildə Charles W. Morris (1901-1979) “Foundations of the Theory of Signs” yazısı ilə semiotikanı bölmələrə ayırır. Buradakı əsas ayrım semiotikanın üç sahəyə ayrılması idi. Morris sintaktika, semantika və praqmatika olaraq bu ayrımı etdi. Formal strukturlar arasındakı əlaqəni mövzu edinən sintatksis, işarə və həmin işarələrin işarə etdikləri şeylər arasındakı əlaqələri mövzu edinən semantika, bu işarələri istifadə edənlər üzərində baş verən təsirləri araşdıran isə praqmatikadır. “Signs, Language and Behavior” (1946) və “Signification and Significance” (1964) başlıqlı əsərləri də ən az modern semiotika olmaqla bir çox sosial sahələrə fundamental təsirli yanaşmalar qoymuşdur.
Bundan sonrakı ərəfələrdə semiotika strukturalizm və post-strukturalist axınlardan intensiv şəkildə təsirləndi.
Roland Barthes (1915-1980) semiotikanı/semiologiyanı daha da sosial konteksə çəkdi və yanaşması ilə film-incəsənət industriyasına semiotik təsir edəcək şəxs oldu. O, işarəni 3 dərəcəyə ayırır: 1-ci dərəcəli olaraq işaraləmə (dénotation, nümunə: mexaniki maşın şəkili), 2-ci dərəcəli olaraq təlqin etmə (connotation, nümunə: imkan, status, mükəmməlik), 3-cü dərəcəli mif (mythe, maşını almağın daha yaxşı həyata səbəb olacağı). O bunlar haqqında “Mythologies” (1957) kitabında ətraflı yazmışdır. Barthes'in həmçinin “Éléments de Sémiologie” (1964), “S/Z” (1970) və “Image-Music-Text” (1977) kimi əsərləri də vardır.
Yuri Lotman (1922-1993) kultural semiotika üzərinə tədqiqatlar etmişdir. “Semiosfer” terminini ilk dəfə ondan eşidirik. Semiosfer işarələrdən ibarət bütün sferadır. “Внутри Мыслящих Mиров. Человек — Текст — Семиосфера — История” (1996, ehtimal ki, SSRİ-nin çökməsi ilə əlaqədar ingliscə tərcüməsi orijinalından tez, 1990-cı ildə “Universe of the Mind: A Semiotic Theory of Culture” başlığı ilə çap olunmuşdur. Qlobal bir əsər olmağında Umberto Eco'nun və Ann Shukman'ın dəstəkləri olmuşdur.) Tartu-Moskva Semiotika Məktəbini təsis etmişdir. Təsis etdiyi məktəb hələ də fəaliyyət göstərir və semiotika sahəsi üzrə populyardır.
Friedrich S. Rothschild (1899–1995) biosemiotika tədqiqat sahəsinin qurucusudur. Bu sahə digər heyvan və canlılarda semiotik porsesin necə baş verdiyini araşdırır.
Thomas Sebeok (1920-2001) adını az qala hər semiotik əsərin redaktəsində rastlamaq olar. Semiotika üzrə ciddi şəkildə mütəxəsisləşmiş şəxslərdəndir. Biosemiotika üzrə də yeni yanaşmalar gətirmişdir. Zoosemiotika sahəsini irəli sürmüşdür. 1975-ci ildə yazdığı “Six Species of Signs: Some Propositions and Strictures” adlı esse ilə peirceian üçlüsünü genişləndirir. Onun işarə sinifləndirməsi belədir: 1. Siqnal (Signal) 2. Simptom (Symptom) 3. İkon (İcon) 4. İndex (İndeks) 5. Simvol (Simvol) 6. Ad (Name). Biolojik siqnaldan başlayaraq canlının xüsusi adına kimi uzan bir semiotik model təklif edir. Marcel Danesi ilə birgə Modelləşdirmə Sistemləri Nəzəriyyəsini (Modeling Systems Theory, qısaca MST) inkişaf etdirir. Bu nəzəriyyə orqanizmlərin öz ətraflarını anlamaq üçün necə daxili modellər yaratdığını izah edir. Onlar semiosisin əsasını koqnitiv “dil” hesab edilən düşüncənin olduğunu qəbul edir. Koqnitiv “dil” nitqdən öncə gələn düşünmə prosesidir. Dil ilə düşüncəni eyni səviyyədə tutan yanaşmaya qarşı yanaşmadır desək yanılmarıq. Onlara görə koqnitiv “dil” ilkin “dil” olmuş və bütün canlılarda mövcud olan “dil”dir. Bəşəri dil, yəni nitq prosesləri ondan sonra yaranmış və inkişaf etmişdir. Bunlar fundamental olaraq Əsas MS'ə aid idi. İkinci dərəcəli MS insan nitqi və heyvan siqnallarının daxili və qarşılıqlı kommunikasiyasıdır. Üçüncü dərəcəli MS isə əsasən insanlara məxsus olan incəsənət, din, elm və fəlsəfə kimi kompleks sistemlərdir. “The Forms of Meaning: Modeling Systems Theory and Semiotic Analysis” (2000) kitabında bu mövzu inkişaf etdirilmişdir. “Global Semiotics” (2001) əsərində işarənin nə qədər əhəmiyyətli olduğunu vurğulayaraq radikalcasına görünən paradiqma sürüşməsi edir. Qlottosentrik (dil-mərkəzli) yanaşma irəli sürür. Onun “Signs: An Introduction to Semiotics” (1994) və “I think I am a verb” (1986) kimi dəyərli əsərləri var.
Umberto Eco (1932–2016) “Trattato di Semiotica Generale” (1975) və “Semiotics and the Philosophy of Language” (1984) kimi əsərləri ilə semiotikaya böyük töfhələr vermişdir. O, semiotikanı kultural kontekstdə analiz etmişdir. Eco'ya görə mədəniyyətin hər bir detallında işarə funksiyalarına (segno) rastlamaq olar. İşarə sistemi mənanın istehsal edildiyi, istehlak edildiyi və şərhləndiyi vahiddir. Mənanın sabit bir lüğətdən asılı olduğunun əksinə, dinamik və dəyişkən olduğu, genişləyən və rekonstruksiya olan bir ensiklopediya kimi olduğunu və sərhədsiz semiosisi müdafiə edir. Həmçinin işarələri natural (segni naturali) və süni (segni artificiali) olaraq iki növə ayırır. Semiotikanı estetikaya da daşımışıdır. “Opera Aperta” (1962) kitabında əsərin mənasının sabit bir mənadan çox onu seyr edən, onu mütailə edənlə əlaqəsi zamanı yarandığını deyən Açıq Əsər (Opera Aperta) anlayışını irəli sürmüşdür və bununla Louise Rosenblatt tərəfindən 1938-ci illərdə irəli sürülmüş Oxucu-Məna nəzəriyyəsinə (Reader-Response Theory) yaxın pozisiyadadır. İşarələrin necə istehsal olunduğunu və istifadə olunduğunu, sənət əsərlərindən kütlə kommunikasiyalarına, jestlərdən memarlıq dizaynlarına kimi bütün şeyləri tədqiq edən İşarə İstehsalı Nəzəriyyəsini inkişaf etdirmişdir.
Jesper Hoffmeyer (1942-2019) biosemiotika üzərində geniş araşdırmalar edir. Onun “Signs of Meaning in the Universe” (1996) və “Biosemiotics: An Examination Into the Signs of Life and the Life of Signs” (2008) əsərləri vardır. Hüceyrələrin, heyvanların və ekosistemlərin necə kommunikasiya qurduğunu tədqiq etmişdir. O, semiotik azadlıq (hansı ki, canlı sistemlərin semiotik sərhədləri, mürəkkəbliyi və əhatə dairəsini izah edir), kod-ikiliyi (canlı varlığın rəqəmsal (genetik) və analoq (somatik) tərəflərini vurğulayan konsept) və biosemiotik paradiqma (canlılarda paradiqma) konseptlərini irəli sürmüşdür.
Marcel Danesi (1946) semiotikanı daha çox popular kultura və media ilə əlaqələndirdi. “Popular Culture” (2007), “Understanding Media Semiotics” (2002), “The Semiotics of Emoji” (2016), “The Art of Lie” (2019) və “The Semiotics of Love” (2019) kimi modern işarələri mövzu edinən əsərləri yazmışdır. Tədqiq etdiyi mövzuları kitab adlarından rahatlıqla bilmək olar. Kitablarında populyar kultura, media, emojilər və sevgi kimi konsepsiyaları detallı şəkildə təhlil edir.
Birbaşa işarə konsepti çox vurğulanmasa da analitik fəlsəfədə yer alan məna və ad nəzəriyyələri də işarə konsepti ilə uyğun təşkil edir. John Mill'dən Evans'a, Russell'dən müasir konseptual filosoflara kimi bu mövzuya dair bənzər yanaşmaları görə bilərik. Mill'in “Of Names”, Frege'nin “Über Sinn und Bedeutung”, Russell'in “On Denoting”, Kripke'nin “Naming and Necessity”, Evans'ın “The Causal Theory of Names” kimi çoxsaylı əsərlərlə və Wittgenstein'in Picture Theory'si kimi özünü büruzə edən deskriptiv və kausal nəzəriyyələr inkişaf etdirilmişdir. Konseptual analiz də bu məsələyə aid edilə bilər. Müasir dövrdə konseptlər və təsəvvürlərin (notion) təsirləri, funksionallığı və onlar üzərində mühəndislikdən daha çox danışılmağa başlanıldı.
İşarə hər sahədə vardır. Sadəcə mövcudluğunun fərqindəliyi semantik ellipsislə bir az nəzərdən qaçır. Sosial sahələrə baxdıqda insanların rituallara, yanaşmalara, tabulara, doqmalara, adət-ənənələrə və s. qarşı necə daxili və xarici necə reaksiyalar verdiyi və bu prosesin ümumilikdə necə olduğu araşdırılır, hansı ki, bunlar da işarə əsaslıdır. Riyazi və nəzəri elmlərə baxdıqda düstur, çoxluq və funksiya kimi işarələrin bir-birinə necə təsir etdiyi və bunun obyektiv adlandırılan dünya ilə necə bir əlaqədə olması araşdırılır. İstənilən sahə üçün nümunə çəkmək olar. Lakin, öncədən qeyd olunduğu kimi, işarələrin əhatə dairəsinə dair - semiosferin tutumuna dair fərqli yanaşmalar var və bu 4-cü bölmənin mövzusudur.
Nə xoşdur ki, müasir dövrdə semiotika dilçilikdən fəlsəfəyə, etnologiyadan sosiologiyaya bir çox sahələrdə öz əhəmiyyətini büruzə etdirməkdədir.
İşarə [tam olaraq] Nədir?
(mənim izahım)
İşarələmək ≝ bir şeyi və ya bir yığını bir qeyri kimi hesab etmək
Simvol ≝ işarələyici, işarə vasitəçisi
Qeyri ≝ başqa bir şey
İşarə ≝ işarələmə xüsusiyyətinə malik şey
Deskriptiv ≝ Varlığın (Ümumi Kainatın) quruluşu ilə əlaqədar, təsviredici
Normativ ≝ tələblərlə əlaqədar, təsiredici
Deskript ≝ deskriptiv işarə = təqlidedici (təsviredici ≝ təqlidedici) işarə
Göstəriş ≝ normativ işarə = təsiredici işarə
(kiməsə göstəriş verərkən edilən işarəvi təsirdən ilhamlanaraq təsiredici işarəni “göstəriş” adlandırdım. Lakin bu işarə təkcə sosial kontekstdən ibarət deyil)
Konnektom ≝ hərtərəfli və bütöv əlaqələr şəbəkəsi
Dinami-konnektom ≝ dinamik konnektom
Semiosis ≝ işarələr dinami-konnektomu
Semiosfer ≝ semiosisin əhatə dairəsi
Problemlər və Cavablar
(işarə haqqında problemlər, müxtəlif yanaşmalar və aktual cavablarım)
Problem və paradokslar əsas olaraq deskript (təqlidedici işarə) ilə əlaqədardır. İnsani göstəriş (insanla əlaqədar təsiredici işarə) ilə əlaqədar olanlar əsasən sosial kontekstdədir, dəyərlər və normalar ilə əlaqədardır. Göstəriş semiosisi təsir axınından ibarətdir.
1. “Xəritə Ərazi Deyildir” - Deskriptin Keyfiyyət və Miqyas Limiti
“The map is not the territory” ~ Alfred Korzybski
Deskript-Qeyri Xəritə-Ərazi analogiyası ilə izah edilə bilər, hansı ki, Xəritə-Ərazi də bir Deskript-Qeyridir.
Xəritə ərazinin gərəkli yerlərini təsvir edir. Xəritədə ərazidə olan gərəksiz çınqılın yeri olmur. Yalnız ərazidəki çınqılları təsvir etmək niyyəti güdən xəritədə çınqılların əhəmiyyəti ola bilər. Necə ki, fiziki, siyasi, iqlimi və s. xəritələr olur, bu da elə. Bir şey ərazi ilə pozisiyadan başqa bütün ortaq xüsusiyyətləri daşıyırsa, onun bir kopyasıdırsa, biz ona xəritə deyə bilərik? Bir kitabın nüsxələri həmçinin kitabdır, kitabın işarəsi deyildir. Kitabın ilkin yazılmış forması belə müəllifin fikirlərini işarələyir, həmçinin digər nüsxələr də müəllifin fikirlərini işarələyir. Nüsxələrin kitabın əslini işarələyəcək bir gərəyi olmur. Bu da təsvirin/təqlidin (təsviredici/təqlidedici işarənin) funksional və məqsədli tərəfləri olduğunu göstərir. Deskript qeyrinin müəyyən xüsusiyyətlərinin olub-olmadığını göstərən işarədir. “Yuxardakı ən sonuncu başlıq qalın şriftlə yazılmışdır” dedikdə başlığın bütöv quruluşuna, hansı hərflərdən ibarət olduğuna hərtərəfli baxılmır. Sadəcə onun qalın və ya incə olduğuna baxılır. Bunu işarələmək üçün bir vərəq götürək. Əgər yazı qalındırsa vərəqi qatlayaq, əgər yazı incədirsə toxunmayaq. “qalın yazı” və “incə yazı” ifadələrindəki italik hissələr ilə kağızın qatlanma ehtimalı olan hissə eyni funksiyanı yerinə yetirir, attribut olur. Kağızın özü də yazının işarəsi olmuş olur və bu işarələmə əlaqəsinə zehin körpülük edir. Attributlar bir şey haqqında xüsusiyyətləri qatlayarcasına deskripsiya edir. Propozisiyaya üzv konseptlər də bu rolu oynayır. Bir və ya bir neçə konsept götürür və onu digər üzvləri ilə “qatlayır”. Heykəltəraş və ya rəssam nümunəsini də çəkmək olar (hansı ki, ikinci picture theory'ə də bənzər səslənir). Bir heykəltəraş kiminsə heykəlini düzəltməyə başladıqda bir gil topası götürür və onu alətləri ilə oymağa başlayır. Heykəlin xarici görünüşü prototipə istəyə uyğun dəqiqlikdə bənzəyənədək bu proses davam edir. Yekundakı heykəl prototipin deskripti olmuş olur. Bu heykəl nümayiş olunduqdan sonra hər-hansı bir hərəkatın simvolu halına gəlmə kimi halda olarsa, bu zaman sosial əhəmiyyəti olan bir göstəriş olmuş olur. Bunun da göstərdiyi kimi bir şeyin növ işarəliyi (deskript və ya göstəriş olması) kontekstə görə dəyişə bilir. Lakin heykəl prototipin bütövlüyünü əks etdirmir, heykəl prototip insan olmur, insan kimi dinamik və düşüncəli olmur. Sadəcə xarici görünüşünü və ən çoxu ideolojik simvolunu əks etdirir. (Əks etdirmək, deskripsiya etmək, təqlid etmək, təsvir etmək, deskriptiv işarələmək mənə görə bu kontekstlərdə eyni mənanı işarələyir. Bu yerdə işarələməyi işarələmiş oldum. Mənanın mənası kimi problemli sezilir. Bunun indiki başlığın mövzusu ilə əlaqəsi olsa da sonrakı başlıqlardan birində ayrıca tədqiq etməyin əhəmiyyətini görürəm). Rəssam nümunəsinə gəldikdə isə, rəssam da heykəltəraşın etdiyi kimi edir. Bir mənzərə çəkərkən fırça və rəngləri ilə o mənzərəni “oyur”. Tutaq ki, heykəltəraş elmi-fantastikadan çıxmış bir xarakterə çevrildi. Bir insanı bütövlükdə analiz edib, onun klonunu (nüsxəsini) yaratdı. Bu zaman bu klon orijinal insanın işarəsidir? Bu da onu göstərir ki, bir şey (simvol) digər şeyi (qeyrini) nə qədər çox təsvir edirsə\təqlid edirsə bir o qədər işarəliyini itirir. Yenə analojik örnək: bir şəxs kiminsə müəyyən xüsusiyyətini söhbət əsnasında [gözünü döyə-döyə] yamsılayırsa, onu bildirir, yəni işarələyir. Bir şəxs bütün davranışları ilə, düşüncəsi ilə kimisə yamsılayırsa, həmin şəxs kimi davranırsa, bu bildirmə və ya işarələmə sayıla bilərmi? Bəs nə qədər? Yamsılamanın limiti, işarələmənin limiti nə qədərdir? Nəyə görədir? İşarə və Nüsxə arasındakı fərq nədir? Əgər işarə limitlidirsə, toxunduğumuz “işarə” konsepti də bir işarədirsə, onun haqqında nə qədər dəqiq danışa bilərik? Təbii natamamlıq var?
2. Hər şey işarədir? - Semiosferin tutumu
İşarə zehindən asılıdır? Zehin olmadıqda işarə var? İşarə ilə bağlı əsas problemlərdən birisi müəyyən əlaqələr sisteminin bir elementi ilə — bir şey ilə bir işarə arasındakı fərqin olub-olmamasıdır. Yəni bir daşın digər daşa dəydiyi anda ötürdüyü titrəşim ilə bir şəxsin “ağac” yazısını gördüyü anda zehinində əmələ gələn təsəvvürün semiotik fərqi varmı? Daş bu titrəşimlər nəticəsində müəyyən reaksiya verir, dəyişimlər sərgiləyir. İstər daxili, istər xarici. Şəxsin təsəvvürləri də onu bir reaksiyaya sürükləyir. İstər daxili, istər xarici: “ağac” konsepti haqqında düşünməyə və ya “bu “ağac” yazısını mənim masama kim yazıb?” deyə reaksiya verməyə. Yəni titrəşim və təsəvvür ikisi də işarədir, yoxsa işarə yanlız zehin ilə əlaqədar olan şeylər üçün keçərlidir — yanlız təsəvvür işarədir? Əgər cavab “ikisi də” olsa, semiosfer ümumi kainata (Varlığa) bərabər olacaq. Əks halda, yanlız zehinlə əlaqədar olan şeylər çərçivəsində qalacaq. Bu məsələnin yolundakı problemlərdən biri “çətin problem” adlandırılan Qualia problemidir. Peirce'in qualisiqn adlandırdığı şeylərin zehin fəlsəfəsindəki sorğu-sualı deyə bilərik. Titrəşim və təsəvvür arasında iddia oluna biləcək və problem yarada biləcək tək şey var: quale. Zehin subyekt hesab olunduğu üçün onda qualianın mövcud olduğu hesab edilir. Sual budur ki, subyektilik tam olaraq nədir? Niyə zehinin qualiası var, lakin daşın yoxdur, ümumiyyətlə birində var, digərində yoxdur və ya hər ikisində var, hər ikisində yoxdur iddialarının aqibəti nədən ibarətdir? Buna dair panpsişist, fizikalist, funksionalist, dualist yanaşmalar var. Mən funksionalizmə yaxınam. Qualia ya hər ikisində də var, ya da heç birində yoxdur. Və ya, qualia zehin kimi mürəkkəb stukturu və düşünmə xarakteriktikasını bildirirsə, onda zehində qualia var, daş da isə proto-qualia adlandırıla biləcək şey var. Və ya, qualia “subyektiv təcrübə”ni deskripsiya edirsə, konseptual bulanıqlaşma baş verir. Bu mövzunun “bibliyası” yəqin ki, Chalmers'in “The Conscious Mind” (1996) əsəridir. Orada ətraflı və nəticəsində ixtilafa düşdüyüm haqqını verən təhlillər aparılır. Nəinki zehin və şüurun, həmçinin də “işarənin çətin problemi” hesab edilə bilər. Lakin mən nümunələrdəki titrəşim və təsəvvürün hər ikisinin də işarə olduğunu qəbul edirəm. Titrəşim digər obyektdən ötürülən titrəşimi təqlid etdiyi kimi təsəvvür də təsəvvür obyektini təqlid edir və buna da təsviretmə deyirik. Emosional-kommunikativ səbəblərdən insanlarda şüurlu olmaq kimi bir ucalığın olduğunu, lakin cisimlərdə bənzəri bir prosesin ümumiyyətlə olmadığını düşünürük. Bunun ucu həmçinin etik məsələlərə də gedə bilər. Lakin o çərçivədə ciddi problemlər görmürəm. Biosemiotika burada çox yaxşı baxış bucağı verə bilər. Heyvanlar nə insan səviyyəsində şüurludur, nə də adi cisimlər kimi deyillər. Daha mikro heyvanları cisimdən şüura keçən yerdə nümunə kimi yaxalaya da bilərik və ya insanın doğum prosesini də bu nümunələrə qata bilərik. Heyvanlar ətraf-mühiti müəyyən qədər zehinlərində formalaşdırırlar və bu formalaşdırma prosesində qarşımıza biosemiosis çıxır. Əgər heyvanlarda bu cür işarələmə prosesinin olduğunu qəbul edirsək, bunu daha sadə quruluşda heyvan və canlılara çəkərək işarələmənin — semiosisin onlarda olduğunu da deyə bilərik. Bu cür sadə quruluşda canlıların daha da sadə olan halına cansız quruluş, adi cisim demiş oluruq. Hər canlıda biosemiosis olduğu da qəbul edilir. 3 hal var: 1. Yalnız insan kimi şüurlu zehinlərdə semiosis mövcuddur, 2. Yalnız canlılarda semiosis mövcudur, 3. Semiosis təbiətdə (Varlığda/Kainatda) bütövlüklə var. 1-ci cavabı seçsək digər heyvanlarda semiosisin olmadığı nəticəsinə gəlmiş olarıq. Lakin bu da sağlam yanaşma deyil. Çünki yaşıl işığı görəndə qazın belinə çıxan maşın sürən insan ilə qamçı vurulanda qaçan heyvanının müqayisəsini etməyimiz gərəkəcək. İkisinin də haradasa eyni mexanizmlə baş verdiyini bilirik, “Pavlovun iti” sağ olsun. Bu yerdə müəllim ilə kinoloqun fərqi də analiz edilə bilər :) Nəticə etibar ilə 1-ci cavab əsaslı və doğru deyil. İndi isə 2-ci və 3-cü cavabın “münaqişəsi” başlayır: Mürəkkəb və müxtəlif vəziyyətlərə uyğun dinamik və inkişaf edən bir sistemi olan cihaz-maşın təsəvvür edək. Buna üstsəviyyəli Süni İntellektlər nümunə çəkilə bilər. Bu maşın ilə heyvanlar arasında semiotik olaraq fərq var? İkisi də xarici aləminin müəyyən qədər təqlidini/simulasiyasını yaradır və buna uyğun reaksiyalar verir. Bu həmin maşının da semiosinin olduğunun müqayisəli isbatı hesab edilə bilər. Maşını təkcə analiz etsək belə yenə eynidərəcəli nəticəyə gələ bilərik: sensorlarından müəyyən data əldə edir və bunu bir dəyişənə və ya dəyişənlər mənimsədir, simulasiya yaradır və reaksiyalar verir. Buradakı dəyişənlər işarə, simulasiya isə işarələmə olmuş olur. Bu mürəkkəb maşın üçün idi. İndi bunu öncəki daş nümunəsinə endirək: daşa xaricdən təsir olur və bu təsir daşın daxilində müəyyən təsirlər yaradır və bu təsirlər xarici reaksiyaya çevrilir. Daşdakı daxili təsir ilə maşındakı simulasiya yaradıb reaksiya vermək arasında nə kimi fərq var? Sadəcə ilki daha sadə xarici reaksiya hazırlayır, ikincisi isə daha müxtəlif xarici reaksiyalar hazırlayır. Çəkdiyim nümunələr daha cisimlərə endirilmiş nümunələrdir. Daha detallı təsvir “işarələr supu” kimidir, mühitdəki hər hissəcik bir-birinə təsir edir, işarələmələr edir. “Cisim” konsepti də bu mühitdəki hissəciklərin bir-birinə insan tərəfindən bənzədilənlərin bir yığınıdır, bir təpəsidir. Sorites təpəsidir, qəti sərhədi yoxdur, bənzərliyi var. Feynman demişkən, hər şey əslində [mikro səviyyədə] dəlicəsinə qaynayır, titrəşir. Bu titrəşimlər də ümumilikdə semiosisdir. Məkan və zamanın da semiotik dəyəri var. Yekun formada mənim cavab 3-cüdür — Semiosis bütövlükdə var, Semiosfer Varlığa (Kainata) bərabərdir.
3. Mənanın mənası - İşarələməyi İşarələmək
İşarə-Simvol-Qeyri qrafikimə bu başlığı qoysaq tam doğru olar. Mənanın nə olduğunu bilmədən bir şeyin mənasını necə təyin edə bilərik? Məna işarələmənin yoludur. İşarələyə bilmək fundamental olandır. Şüurlu quruluş işarəyə bildiyini işarələyəndir. Digər quruluşlardan əsas mürəkkəblik fərqimiz də budur. Problematik görünsə də ciddi problemli deyil, zənnimcə. Deskriptin Qeyriyə nisbətdə natamamlığı var və bu onu nüsxə yox da işarə edən, identikliyini qoruyan xüsusiyyətdir. Bu səbəbdən işarələməyi işarələmək problem yaratmır, çünki tam forması “işarələməyi işarələmək” deyil, “işarələmə prosesinin modelini işarələmək”dir. Bir deskript həmçinin bir göstərişdir. Deskript nə qədər bizə normativliyi passiv kimi görsənsə də bu passivlik sosial kontekst üçün bir az keçərlidir. Deskriptlər digər işarələrin təsiri ilə əmələ gəlir və digər işarələrə, böyük deskripsiyalara təsir edir. “Alma masadadır” və ya “qırmızı alma” deskriptini istifadə etdikdə bunlar zehindəki deskriptiv semiosisdə bir yer alır və böyük deskripsiyaya təsir edir. Hər iki nümunədə ən az iki konsept var və bu konseptual sistemdə bir yer tutmuş olur, digər konseptlərə də təsir etmiş olur. Konseptual sistem ilə deskriptiv semiosis demək olar eyni şeydir. Və Reallıq konseptinin özünü büruzə etdiyi yer də buradır..
4. Kainat Özünü İşarələyir? - Bir İşarə Yalnız Özünü İşarələyə Bilər? - Rekursiya nədir?
Bir az cəld cavab verim, xeyr. Radikalca qalmasın, izah edim: Bizim gündəlik istifadə etdiyimiz rekursiya öz-özünü konseptual olaraq işarələmək deyil, sadəcə dövr yaratmaq və ya özü özünün bir parçasını çağırmaq və ya özü özünün daxil olduğu çoxluğu işarələmək olur. Özünü işarələməkdən qəsd birbaşa işarələmədir. Yoxsa dövri formada göstərişlərdən ibarət “özünü işarələmə” əmələ gətirmək olur. Bir şeyin işarə ola bilməsi üçün ayrı şey ilə - qeyri ilə əlaqəsi ola bilməlıdır. Kainatın özünü işarələyib-işarələməsi bu nöqtədə nümunə kimi ortaya çıxır. Çünki kainat təkillikdədir, ondan kənar heç nə yoxdur. Kainat işarə ola bilməz, çünki bir qeyrisi yoxdur. Həm bir tərəfdən də işarə kimi funksiyasız olardı. Özü-özünü işarə etməsi də konseptual olaraq funksional deyil. Amma misal üçün Yeri kainatdakı başqa bir quruluşun işarəsi kimi istifadə etmək “olar”. Əgər Douglas Adams'ın “The Hitchhiker's Guide to the Galaxy” əsərindəki kimi kosmik cisimləri, habelə Yeri keflərinə görə dəyişə biləcək şüurlu bir güc olsa :D Misal üçün, qütb ulduzu Thuban olanda Yeri Saturnla eyni orbitə qoyaq, Vega olduqda Marsla eyni orbitə qoyaq, Polaris olduqda isə indiki yerinə qoyaq. Belə-belə işarələmələr edək, “İşarəçinin Solarik Dəftəri” :X Lakin bu cür prosesi kainata tətbiq edə bilmirik :( Bu da birbaşa rekursiyanın mümkünsüzlüyü təsdiqləyir.


















